Bitki Muhafizəsi ve Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Haqqında

Haqqında

İnstitutun tarixi

Ölkəmizdə kənd təsərrüfatı qədim tarixə və ənənələrə malikdir. İnsan özünü anlayandan qida məhsullarına tələbatını ödəmək üçün sözün əsl mənasında qəhrəmanlıq nümunələri göstərmiş, əlinə keçən və toxum adlanan qeyri-müəyyən maddəni torpağa səpmiş, bəzi yeyiləcək şeylər əldə edə bilmişdir. Qədim tarixi mənbələr bu baxımdan Azərbaycan ərazisini Şərqin regionları arasında qədim əkinçilik məkanlarından hesab etmişdir. Ərazilərimizdə aparılan arxeoloji qazıntılarla müəyyən edilmişdir ki, eneolit dövründə belə yaşayış məntəqələrimizdə təndir tipli sobalar aşkarlanmışdır.

İnsan cəmiyyəti yer kürəsində formalaşıb mükəmməlləşdikcə qidaya olan tələbat da artmış və zaman-zaman kənd təsərrüfatı deyilən bir anlayış ortaya qoyulmuş və ona aid məhsullar da təkamüllə cəmiyyətdə yerini tutmağa başlamışdır.

İnsan cəmiyyətinin qidaya tələbatı kimi, paltara, geyim əşyalarına də tələbatı ortaya çıxmışdır. Zaman-zaman otlardan, yarpaqlardan hörülmüş geyimləri, pambıqdan alınmış iplə toxunan geyimlər meydana gəlmişdir.






Bu nöqteyi nəzərdən bizim eradan 16-10 əsr əvvəl pambıq Hindistanda hər yerdə yayılmış və ondan lif hazırlanmışdır. Pambıq haqqında ilk xatırlamar da XV əsrə aiddir. Azərbaycanda pambıqçılığın baş verməsinin dəqiq tarixi hələ də müəyyən edilməmişdir. Lakin arxeoloji qazıntılar zamanı Mingəçevir ərazisində pambıq toxumları müəyyən edilmiş və bunun V-VI əsrlərə aid olduğu qeyd edilmişdir. Bəzi tarixi mənbələrdə göstərilir ki, artıq XI əsrdə pambıqdan hazırlanan məhsullar Şamaxıdan Rusiyaya ixrac edilmişdir. Bu nöqteyi nəzərdən Azərbaycanda Pambıqçılıq Elmi Tədqiqat İnstitunun yaradılması da təsadüfi xarakter daşımır.Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutu 1925-ci ildə Gəncə Seleksiya Stansiyasının bazasında yaradılmış, 1932-ci ildən həmin stansiya Zaqafqaziya Elmi Tədqiqat Pambıqçılıq İnstitutuna çevrilmişdir.

İnstitun ilk fəaliyyət illərində (1925-1932-ci illər) alimlik dərəcəsi olan elmi işçilər çatışmırdı. İnstitutun şəbəkısi 1932-ci ildə təşkil edilmişdir. Həmin vaxt Zaqafqaziya ETPİ-yə Muğan , Şirvan, Ağstafa təcrübə-meliorasiya stansiyaları, Mil və Eçmiadzin təcrübə stansiyaları Qarayazı və Naxçıvan təcrübə tarlaları, Şərur, Vaqarşapat, Puşkin, Bərdə, Uluxanlı və Borçalı dayaq məntəqələri daxil idi. Geniş laboratoriya şəbəkəsi var idi.

İnstitut böyük həyat yolu keçmişdir. Yarandığı gündən XX əsrin 80-ci illərinə qədər institut tərəfindən 5,6 mln ha sahədə əkilən 28 pambıq sortu yetişdirilmişdir ki, onlardan 10-u zərifliflidir.

Elmi nailiyyətlərə və onların istehsalatda tətbiqinə görə AZETPİ dəfələrlə hökümətin diplom və fəxri fərmanlarına layiq görülmüşdür.

İnstitut pambıq bitkisinin seleksiyası və toxumçuluğunda onun becərilməsinin yüksək səmərəli texnologiyasının işlənib hazırlanmasında və tətbiq edilməsində xidmətlərinə görə keçmiş SSRİ höküməti tərəfindən Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür. O dövrlərdə institutun böyük kadr bazası mövcud idi. XX əsrin 80-ci illərinin əvvəllərində İnstitutun 80 nəfər elmi əməkdaşlarından 4 nəfəri elmlər doktoru, 53 nəfəri isə elmlər namizədi idi, 18 nəfər böyük elmi işçi böyük tədqiqatlar aparırdı.

İnstitutun pambığın seleksiyası, genetika və sitologiya, pambığın toxumçuluğu və toxumşünaslığı, lifin texnoloji keyfiyyəti, aqrotexnika şöbələrində böyük elmi tədqiqatlar aparılırdı.

İnstitutun formalaşmasında, müasir səviyyəli tədqiqatların aparılmasında bir çox alimlərin rolu qeyd olunmalıdır. Burada torpaq sahələri S.A.Zaxarov, iqlim xüsusiyyətləri J.V.Fiqurovski tərəfindən tədqiq edilmiş, ölkədə təcrübə-tədqiqat işlərinin əsasını professorlar S.N.Timofeyev, A.X.Rollov, aqronomlar V.A.Dimitriyevski, N.T.Taratınov, P.P.Medvedyev qoymuşlar.

AZETPİ-nin elmi-praktik fəaliyyətində, xüsusilə paçbıqçılıqda B.M.Ağayev, H.Ə.Əliyev, A.R.Axundov, H.İ.Bekareviç, D.D.Verderevski, C.M.Hüseynov, X.O.Güləhmədov, H.R.İbrahimov, M.H.İsmayılov, N.İ.Malov, S.H.Moskoves, Q.M. Ohanov, Ə.Q.Orucov, H.Ə.Seyidov, A.B.Şəfibəyov və başqa alimlər iştirak etmiş, elmin inkişafına qiymətli töhfələr vermişlər.

Bu gün institun qısa tarixi yazılarkən ona müxtəlif dövrlərdə rəhbərlik etmiş insanları unutmaq olmaz. 1925-1931-ci illərdə instituta N.K.Yanişevski, sonrakı illərdə V.N.Pekar Q.F.Cuvarlinski, A.J.Sultanov, H.Ə.Seyidov, V.M.Ağayev, Q.M.Oqanov, Ə.Q.Orucov, S.A.Mustafayev, H.Ə.Seyidov, X.Q. Güləhmədov, N.Z.Ələkbərov, Z.Ə.Rəhimov, F.X.Məmmədovu unutmaq olmaz. Müxtəlif dövrlərdə instituta rəhbərlik etmiş bu insanların da xidmətləri əvəzsizdir.

Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutu da qədim tarixə malikdir. 1925-ci ildə Bakıda ilk dəfə entomoloqlar kabineti yaradılır. Həmin kabinet respublikanın ayrı-ayrı bölgələrində uzun müddət fəaliyyət göstərmişdir. Bu müddət ərzində kabinet tərəfindən Azərbaycanda alman koloniyalarında Konkordiya, Tryunfeld, Alekseyevka, Tranbenfold sirkələrinin üzüm bağlarında bağlarında ..... zərərvericiyə qarşı mübarizə aparılır.



Nəhayət, 1947-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində “Bitki mühafizəsi” ikillik kurslar təşkil edilir. Bu kurslar 1958-ci ilə qədər fəaliyyət göstərir və xeyli sayda mütəxəssislər hazırlayır.

1949-cu ildə isə Az.KTİ-nin aqronomluq fakültəsinin nəzdində “ Bitki mühafizəsi” idarəsi yaradılır. Bununla yanaşı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəzdində 1949-cu ildə “ Bitki mühafizə idarəsi” yaradılır və həmin idarə 1960-cı ilə qədər fəaliyyət göstərir.

1959-cu ildə tarixi hadisə baş verir və Azərbaycan Nazirlər Sovetinin 22 yanvar 1959-cu il tarixli, 60 saylı qərarı ilə Gəncə şəhərində Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutu yaradılır və ölkədə bitki mühafizəsi ilə bağlı bitki elmi tədqiqat işləri ona həvalə edilir.

Bu dövrdə institutda tətbiqi zoologiya, fitopatalogiya, kimya toksikologiya şöbələri fəaliyyətə başlayır. Bununla yanaşı Xaçmaz təcrübə stansiyası, Saatlı və Ucar rayonlarında torpaq məntəqələri təşkil olunur.

Az.ETBMİ-nin ilk direktoru Sankt-Peterburq bitki mühafizəsi məktəbinin nümayəndəsi biologiya elmləri doktoru, professor Həmzə İbrahimov təyin olunur. 1963-cü ildə kadr dəyişikliyi baş verir, H.İbrahimov başqa işə gedir və S.R.Məmmədova instituta direktor təyin edilir.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin rəhbər vəzifəyə gəlməsi ilə əlaqədar aqrar sahədə canlanma başladı, ölkədə kənd təsərrüfatı inkişafa başlayır. Bu inkişafdan AzETBMİ geri qala bilməz və institut öz əməli fəaliyyətində müsbət dəyişikliklər edərək hər il təsərrüfatlara bitkilərin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsinə dair bir neçə tədbirlər sistemi, ayrı-ayrı bitkilərin başlıca zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri, tətbiqi zoologiya sahəsində uğurlu işlər, bioloji metodun təsərrüfatlara tətbiqi, Entomologiya və Fitopatologiya sahəsində dəyərli ermi araşdırmalar aparılır, institut pambığın təhlükəli xəstəliklərinə qarşı “BX” mikrobioloji preparatına attestat alır, “AZRİN” mikrobioloji preparat hazırlanır və müəlliflik şəhadətnaməsi təqdim edilir.

Müstəqillik illərində isə Bitki Mühafizəsinin müxtəlif sahələrindəki ixtira və yeniliklərə görə standartlaşdırma, metrologiya və patent üzrə dövlət agentliyi tərəfindən instituta 15-ə qədər patent sənədi verilmişdir.

İnstitut yarandığı gündən fəaliyyətdə olan şöbələrdən biri də Entomologiya və bioloji mübarizə üsuludur. 1959-cu ildən fəaliyyət göstərən laboratoriyada müxtəlif dövrlərdə M.İsmayılov, B.Xəlilov, Z.Rəhimov, C.Baxışov kimi görkəmli entomoloqlar rəhbərlik etmişdir.

İnstitutla həmyaşıd olan Fitopatologiya şöbəsinə ayrı-ayrı illərdə Ş.Səfərov, F.Babayev, A.Məmmədov, N.Qarayev, N.İmanov, T.Əliyev rəhbərlik etmişdir. Müxtəlif vaxtlarda şöbədə pambıq, üzüm, tərəvəz, kartof, meyvə bağları, dənli-taxıl və meşə zolaqlarında rast gəlinən xəstəliklər tədqiq edilmişdir.

İnstitutun nəzdində fəaliyyət göstərən herbisidlər və zəhər qalığının təyini, pestisidlər, proqnoz və digər laboratoriyalar da səmərəli fəaliyyət göstərmişdir. Həmin illərdə Abşeron, Xaçmaz Təcrübə Stansiyaları, Ucar və Saatlı Dayaq Məntəqələri də uğurlu elmi tədqiqat işləri aparmış və bitki mühafizə sahəsində müəyyən nailiyyətlər qazanmışdır.

1963-cü ildən 2015-ci ilə kimi Azərbaycan Elmi Tədqiqat bitki Mühafizə İnstitutuna akademik S.R.Məmmədova rəhbərlik etmişdir.

XX əsrin sonlarında Azərbaycan xalqının ən böyük nailiyyəti və xoşbəxtliyi dövlət müstəqilliyinin bərpa edilməsidir. 1990-cı illərdə nə qədər çətin olsa da hakimiyyətə yenidən Ümummilli Lider heydər Əliyevin gəlişi ilə hər şey dəyişdi, hər şey yavaş-yavaş yoluna qoyuldu, 1995-ci ildə radikal torpaq islahatları həyata keçirildi və 1,4 mln hektar əkin sahəsi 3,4 mln nəfər və ya 892 min ailə arasında bölüşdürüldü, kolxoz, sovxoz təsərrüfatları ləğv edildi, onların əmlakı da insanlar tərəfindən özəlləşdirildi. Ölkədə kənd təsərrüfatının prioritetləri dəyişdi, fermer təsərrüfatları bazar iqtisadiyyatı şəraitində çalışmağa başladı. Təbii ki, aqrar sahə üzrə fəaliyyət göstərən elmi-tədqiqatlar institutlarının da fəaliyyət istiqamətini dəyişməyə, daha çox bazar münasibətlərinə uyğun, fermerlərə yönəlmiş tədqiqatlar aparılmağa başladı. Zamana müvafiq struktur dəyişkliklərinin həyata keçirilməsi zərurətə çevrildi. Bu nöqteyi nəzərdən Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 aprel 2015-ci il 109 saylı Qərarı ilə Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturlarının təkmilləşdirilməsi haqqında qərar qəbul edildi.

Həmin qərarın 5-ci maddəsinə əsasən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilk İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərinə nəzarət laboratoriyalarının və bioinformatika laboratoriyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu yaradıldı.

Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu həm bitki mühafizəsi, həm də texniki bitkilərin, əsasən pambıq bitkisinin becərilmə texnologiyalarının təkmilləşdirilməsi, yeni hibrid və sortların yaradılması istiqamətində ən aparıcı rola malikdir.

İnstitutda 60 nəfər elmi işçi, 91 nəfər texniki heyət fəaliyyət göstərir. Elmi işçilərdən 1 nəfər Cəfərov İbrahim Həsən oğlu aqrar elmlər üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, bir nəfəri – Tağıyev Ələddin Əlirza oğlu elmlər doktoru, dossent və 9 nəfəri fəlsəfə doktorlarıdır.