“BU GÜNÜN DƏYİŞƏN İQLİM ŞƏRAİTİNDƏ PAMBIQÇILIĞIN VƏZİYYƏTİ, PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI” MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bu günün dəyişən iqlim şəraitində pambıqçılığın vəziyyəti, problemlər və həlli yolları” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarda KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini  Fərman Kərimov,  Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firudinov, Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və dosentləri, pambıqçılıq rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM),  pambıq tədarükü və emalı ilə məşğul olan iri şirkətlərin rəhbərləri və nümayəndələri, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.

Seminarda institutun direktoru bildirib ki, iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələrdən biri də kənd təsərrüfatı sektorudur. Dünyanın hər yerində kənd təsərrüfatı hava şəraitindən asılıdır. Kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşması məsələsi təkcə aqrar sektorun nümayəndələrini deyil, həm də alimləri narahat edir. Seleksionerlər iqlim dəyişikliyi səbəbindən su çatışmazlığına və ya artıqlığına, həmçinin temperatur dəyişikliyinə daha davamlı olan yeni bitki növləri yetişdirirlər.  Belə ki,  iqlim dəyişikliyi fermerləri davamlı olaraq yüksək məhsul əldə etmək üçün yeni təcrübələr axtarmağa məcbur edir. Pambıqçılıq sahəsində də həmçinin torpaq-iqlim şəraitinə uyğun, yeni tez yetişən, məhsuldar sortların alınması üçün seleksiya işləri aparıldığını vurğulayaraq, institutun seleksiyaçılarının yaratdığı “Gəncə – 160”, “Gəncə – 132”, “Gəncə – 182” və “Gəncə – 183” sortlarının xarici stress amillərinə qarşı daha davamlı, tezyetişən və məhsuldar sortlar hesab edildiyini bildirib.

Tədbirdə KTN-nin nümayəndəsi Fərman Kərimov,  Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firudinov, ADAU-nun professoru Nizami Seyidəliyev,  “Azərpambıq ASK” MMC-nin baş aqronomu Rafail Tahirov,  “P-Aqro” MMC-nin aqronomu Pərvin Rzayev, pambıqçı fermer Əfras Əsgərov, DAİM rəhbərləri, və İnstitutun mütəxəssisləri çıxış edərək iqlim dəyişkənliyinin pambıqçılığın inkişafına təsiri, pambıqçılığın qarşısında duran vəzifələr, toxumçuluğun düzgün təşkili, pambığın vegetasiya müddətində məhsuldarlığın artırılmasına təsir edən amillər, həmçinin lif çıxımının  təsərrüfat əhəmiyyəti haqqında məruzələrlə çıxış ediblər.

Daha sonra mütəxəsislər və fermerlər əkin zamanı qarşıya çıxan  problemlərin həlli yollarını müzakirə ediblər və son illərdə bu sahəyə  marağın daha da artdığını, bu səpgidə tədbirlərin keçirilməsinin məhsul istehsalının artmasına öz töhfəsini verəcəyini bildiriblər.

Sonda seleksiya təcrübələri və toxumluq əkin sahələrinə baxış keçirilib, institutda aparılan seleksiya işləri haqqında məlumat verilib.

Paylaş: