Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ və “P-Aqro” MMC arasında işgüzar görüş keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ və “P-Aqro” MMC arasında işgüzar görüş keçirilib. Görüşdə BMTB ETİ-nin direktoru a.e.f.d., dos. Elçin Xəlilov, Texniki Bitkilərin Seleksiyası şöbəsinin müdiri a.e.d.Ələddin Tağıyev, Toxumçuluq şöbəsinin müdiri Mahal Kazımov, “P-Aqro” MMC-nin baş direktoru Azər Əlizadə, toxumçuluq üzrə koordinatoru Pərviz Rzayev, aqronomu Musa Hüseynov və digər şəxslər iştirak ediblər.
Görüşü giriş sözü ilə açan E.Xəlilov institutda aparılan elmi tədqiqat işləri və icra olunan layihələr haqqında ümumi məlumat verib. Sonra Ə.Tağıyev “Məhsuldarlığın artırılmasında yerli sortların rolu” haqqında danışaraq, Gəncə-110, Gəncə-114, Gəncə-160, Gəncə-182 və Gəncə-183 pambıq sortlarının təqdimatını keçirib, M.Kazımov “Yerli pambıq sortlarının toxumçuluq işinin qurulması” mövzusunda məruzə edib.
Daha sonra A.Əlizadə çıxış edərək qeyd etdi ki, pambıq bitkisi əsas etibarı ilə yüksək lif məhsuluna görə becərilir. Yüksək lif çıxımına malik olan sotlar daha çox lif məhsulu verir. Bu göstərici üzrə yerli sortlar xarici sortlardan bir qədər fərqlidir. Ona görə bu istiqamətdə seleksiya işləri gücləndirilməlidir. Bu şərtlər daxilində biz sizinlə əməkdaşlıq etməyə hazırıq. Məruzəçi institut alimlərinin tezyetişkənlik istiqamətində daha çox iş görüldüyünü nəzərə çatdırmışdır. Şirkət olaraq, yüksək lif çıxımına malik, tezyetişən, məhsuldar pambıq sortlarının fermer təsərrüfatlarında tətbiq olunmasında institutla birgə səy göstərəcəyini qeyd edib.
M.Hüseynov yüksək məhsulun alınmasında becərmə aqrotexniksının elementlərinin düzgün və vaxtında yerinə yetirilməsinin, P.Rzayev yerli pambıq sortlarının toxumçuluq tədqiqatların aparılmasının əhəmiyyəti haqqında çıxış ediblər.
BMTB ETİ və “P-Aqro” MMC arasında keçirilən görüş zamanı institutun seleksiya nailiyyətləri olan, rayonlaşdırılmış pambıq sortlarının ilkin toxumçuluğunun qurulması işləri istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.

Tarix: 28.10.2021                                                                     

BMTB ETİ

© 2020 BMTB ETİ