Xəbərlər

Pomidor meyvəsində təpə çürüməsi

Xəstəlik açıq və örtülü sahədə yayılmışdır. Başlıca əlaməti meyvələrin təpə hissəsinin əvvəlcə kiçik ölçülü (2-5 mm) çox sayda, meyvələrin rəngindən azaçıq seçilən, qeyri-konsentrik ləkələr şəklində müşahidə olunur. Sonradan bu ləkələr böyüyərək bütün təpə-sonluğunu əhatə edir. Quru və isti havalarda təpə nahiyəsində olan ləkədə batıq əmələ gəlir. Bu batıqlar quruma və rəngin tündləşməsi ilə müşayət olunur. 7-10 gün ərzində yara dərinləşir, genişlənir və meyvə çürüyür. Əgər hər hansı meyvədə ilkin əlamət müşahidə olunarsa, mütləq meyvənin çürüməsinə qədər davam edir. Beləliklə, xəstəliyin səbəbinin əsasən, qidalanma və su təminatı ilə bağlı olması qənaətinə gəlmək olar. Tədqiqatçılar bu xəstəliyin kalsium çatışmazlığından, qida və su balansının pozulmasından, bakterial mənşəli törədicilərin təsirindən əmələ gəldiyini qeyd edir. Abşeron bölgəsi şəraitində aparılmış tədqiqatlar göstərdi ki, xəstəlik, əsasən, qumsal torpaqlarda cərgəarası becərilmədikdə və bitki suyu dərindən götürmədikdə bu xəstəlik daha çox müşahidə olunur. Cərgəarası becərildikdə, suvarma suyu və torpaq əkinə yararlı olduqda, bitki suyu dərindən qəbul etdikdə xəstəliyin əlamətləri minimuma enir. Xəstəliyə qarşı mübarizədə cərgəaralarının becərilməsi, bitkilərin diblərinin doldurulması, şor suyun suvarmada istifadə edilməməsi, qumsal torpaqlarda 5:1 nisbətində çürümüş peyin verilməsi, qızmar istilərdə torpağın qaysaqdan və çatlardan qorunması məqsədi ilə becərmə tədbirlərinin aparılması təpə çürüməsinə qarşı yerinə yetirilən səmərəli aqrotexniki tədbirlərdəndir. Birtərəfli qaydada ammonium mənşəli azot gübrəsinin verilməsi xəstəliyin şiddətlənməsinə səbəb olur. Toxum seçərkən təpə çürüməsinə davamlı sortların seçilib səpilməsi başlıca tədbirlərdən hesab edilir. Mənimsənilən kalsium gübrələrindən torpaq altına verilməklə əhəngdən istifadə torpaqda kalsium çatışmazlığını aradan qaldırır. Aparılmış tədqiqatlar üzrə etdiyimiz təhlillər göstərir ki, vegetasiyanın meyvə əmələgəlmə dövründə Elfer-Ca yarpaq gübrəsi ilə 2 dəfə (10 gün intervalla) çiləmə xəstəliyə qarşı 84% səmərəli olmuşdur.

BMTB ETİ

© 2020 BMTB ETİ