Xəbərlər

Azərbaycan elminə ağır itki üz verib.

         
                Azərbaycan elminə ağır itki üz verib.
         Tanınmış alim, biologiya elmləri namizədi,BM və TB ETİ-nin əməkdaşı Əlövsət Sadıqov dekabrın 25-də ömrünün 79-cu ilində vəfat edib.
Sadıqov Əlövsət Həsən oğlu 1941-ci ildə Goranboy rayonunun Faxralı kəndində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik ixtisasına qəbul olmuş, 1965-ci ildə həmin institutu bitirərək ipəkçilik ixtisasına yiyələnmişdir. 1965-1968-ci illərdə əvvəlcə Dmitrov adına kolxozda baş aqranom, sonra isə rayon kənd təsərrüfatı idarəsində böyük aqranom vəzifələrində çalışmışdır.
Elmə olan marağı onun 1968-ci ildə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olmağına səbəb olmuş və akademik İ.K.Abdullayevin rəhbərliyi altında “Diploid, triploid və tetraploid tutun generativ və reproduktiv orqanlarının dəyişkənliklərinin öyrənilməsi” mövzusu üzrə dissertasiya işi aparmışdır. 1975-ci ildə müvəffəqiyyətlə müdafiə edərək “Biologiya elmləri namizədi” dərəcəsi almışdır.
1980-ci ildə isə “Genetika” ixtisası üzrə “böyük elmi işçi” alimlik rütbəsi verilmişdir. Eyni zamanda 1985-ci ildə SSRİ Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sənaye Komplekslərinin idarə edilməsi üzrə Ali Məktəbi bitirmişdir. Aspiranturanı bitirdikdən sonra rəsmi dəvət əsasında Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda işləməyə başlamışdır. 1972-1990-cı illərdə İnstututda Elmi katib işləmiş, 1990-2011-ci illərdə “Tutun seleksiyası və aqrotexnikası” laboratoriyasına rəhbərlik etmişdir. 2015-ci ildə Heyvandarlıq ETİ-də aparıcı elmi-işçi vəzifəsində çalışmış və 2016-cı ildən isə BM və TB ETİ-də elmi fəaliyyətinə davam etmişdir.
         Ə.H.Sadıqovun tut bitkisinin genetikası, seleksiyası, sitologiyası, anatomiyası, biokimyası, aqrokimyası və s. üzrə 140-dan artıq elmi əsəri, 4 kitabı dərc olunmuş, yeni tut sortlarına 3 müəlliflik şəhadətnaməsi almışdır.
         Ə.H.Sadıqov elmi-ictimai fəaliyyətinə görə “Sosializm yarışının qalibi”, “X və XI beşilliklərin zərbəçisi” döş nişanları, 70 illik illik yubleyi münasibətilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin Fəxri fərmanına layiq görülmüşdür.
Şərəfli ömür yaşamış Əlövsət Sadıqovun əziz xatirəsi onun tanıyanların qəbində daim yaşayacaq.
Allah rəhmət eləsin!

BMTB ETİ

© 2020 BMTB ETİ