Məqalələr

PAMBIQÇILIQDA OZONLAŞMA TEXNOLOGİYASI

Ölkəmizdə xam pambıq istehsalının dinamik inkişafını təmin etmək, toxuculuq sənayesinin mahlıca olan tələbatını ödəmək üçün məhsuldar, tezyetişən, xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək lif keyfiyyətinə malik və toxumun tərkibində yağın miqdarı çox olan yeni pambıq sortlarının yaradılması istiqamətində elmi tədqiqat işlərinin aparılması böyük əhəmiyyət kəsb edir.
Respublikamızda əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün yeni texnologiyalar öyrənilir və aqrar sahədə də bunun tətbiq olunması yolları araşdırılır.
Son 15 ildə seleksiyaçılarımız tərəfindən məhsuldar, tez yetişən, texnoloji keyfiyyətinə görə toxumçuluq sənayesinin tələblərinə cavab verən, toxumunda yağın miqdarı çox olan və maşınla yığım üçün əlverişli olan 10 yeni pambıq sortu yaradılmışdır: Gəncə-2, Gəncə-8, Gəncə-78, Gəncə-80, Gəncə-103, Gəncə-110, Gəncə-114, Gəncə-160, Gəncə-182 və Gəncə-132.
Bu pambıq sortları respublikada rayonlaşdırılmışdır. Yüksək aqrotexniki tədbirlərin həyata keçirilməsilə yerli pambıq sortlarından 45-50 sent/ha məhsul alınır.
Pambıq əkinlərindən yüksək məhsul almaq üçün görülən aqrotexniki tədbirlərlə yanaşı toxumların səpinə hazırlanmasının da əhəmiyyəti vardır. Belə ki, torpaqda çürüməkdən, zərərvericilərdən (payız sovkasından) və zərərli mikroblardan qorumaq üçün səpin qabağı toxumlar kimyəvi maddələrlə dərmanlanır və digər üsullardan – alov, lazer, ultrabənövşəyi, infraqırmızı, rengen şüalarından istifadə edilir.
Pambıq toxumlarının səpinqabağı ozon hava qarışığı ilə işlənməsi yeni və daha səmərəli üsuldur. Ozon hava qarışığı toxumların cücərmə qabiliyyətini tezləşdirməklə və torpaqda olan zərərli mikrofloranı məhv etməklə bitkilərin inkişafı üçün torpaqda münbit şərait yaradır.
Milli Aviasiya Akademiyasının alimlərinin işləyib hazırladığı toxumların səpindən qabaq ozonlaşdırılması texnologiyasının məqsədi pambıqçılıqda bu texnologiyanın üstünlüklərini aşkar etməkdir.
Artıq bir neçə ildir ki, taxıl bitkilərində ozonlaşma texnologiyası ilə bağlı təcrübələr aparılıb. Ozon hava qarışığı ilə pambıq sortlarının toxumlarının səmərəliliyinin öyrənilməsi üçün 2016-cı ildən indiyədək Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda müvafiq təcrübələr aparılır.
Ozonlaşma texnologiyasında pambıq üçün əsas meyarlardan biri toxumların tarla cücərməsidir. Cücərmə fazasında öyrənilən pambıq sortlarının təcrübə variantlarında tarla cücərməsi 4-5 gün, nəzarət variantlarında isə 7-11 gün olmuşdur.

Bitkilərin çiçəkləmə fazasında aparılan fenoloji müşahidələrdən məlum olmuşdur ki, təcrübə variantlarında çiçəkləmə 54-58 gün, nəzarət variantlarında isə 60-63 gün olmuşdur. Təcrübə variantlarında toxumların cücərməsinin, bitkilərin çiçəkləməsinin nəzarət variantına nisbətən tezləşməsini toxumlara ozon hava qarışığının təsiri ilə izah etmək olar.
Bu qanunauyğunluq bitkilərin yetişmə fazasında da müşahidə edilmişdir. Təcrübə variantındakı bitkilərin vegetasiya müddətləri nəzarət variantına nisbətən 1-3 gün qısalmışdır. Xüsusən də, Gəncə-195, Gəncə-185 pambıq sortlarında xam pambığın vegetasiya müddəti daha çox qısalmışdır.

Məhsuldarlıq fövqəladə mürəkkəb əlamət olmaqla bir çox genetik və xarici amillərdən, həmçinin bir kolda olan qozaların sayından və xam pambığın kütləsindən asılıdır. Ozon hava qarışığının təsirilə pambıq sortlarının məhsuldarlığı 40.7 sent/ha olmuşdur.
Lif çıxımı da məhsuldarlığın əsas komponentlərindən biridir. Ozon hava qarışığının təsiri nəticəsində lif çıxımı 0.1-0.9 % artmış, lif məhsulu isə nəzarət variantlarından 9-22 % yüksək olmuşdur.

Ələddin Tağıyev
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
Texniki Bitkilərin Seleksiyası şöbəsinin müdiri

BMTB ETİ

© 2020 BMTB ETİ