Görkəmli alimlər

Məmmədova Siddiqə Rza qızı.

             Görkəmli Azərbaycan alimi, əməkdar elm xadimi, biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Siddiqə Rza qızı Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan MR, Şərur rayonunun Şəhriyar kəndin-də anadan olmuş və orda natamam orta məktəbi bitirmişdir. O, 1940-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitirmişdir.

            1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsində oxumuş və təhsildə göstərdiyi nəticəyə görə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir.

İnstitut dövründə öz üzərində çalışan əlaçı tələbə kimi tanındığı üçün, institutu bitirdikdən sonra onu entomologiya və fitopatologiya kafedrasında baş laborant vəzifəsinə işə qəbul etmişlər.

1948-ci ildə AKTİ-də Entomologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1952-ci ildə “Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

            1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələrində, o cümlədən fakültə partiya təşkilatının katibi işləmişdir.

            1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru təyin edilmiş və hal-hazırda da bu vəzifədə çalışır. 1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru təyin edilmiş və 2017-ci ilə qədər həmin vəzifədə işləmişdir.

Zəhmətkeş qadın işləməklə yanaşı öz elmi axtarışlarını da davam etdirir. O, respublikamızda becərilən subtropik bitkilərin zərərvericilərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin sisteminin işlənib hazırlanmasına dair sanballı tədqiqat işləri aparmışdır. 1971-ci ildə “Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparmışdır. Doktorluq işi müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1973-cü ildən isə ona proffesor, 1981-ci ildən “Əməkdar Elm Xadimi” adı verilmişdir. 1983-cü ildən Azərbayca Elmlər Akademiyasının müxbir üzvi seçilmiş və 2001-ci il iyun ayının 29-da Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvi seçilmişdir. Hal-hazırda MEA-nın aqrar sahə üzrə yaradılan bölmənin üzvüdür. Uzun illər MEA-nın aqrar sahə üzrə yaradılan bölmənin üzvü olmuşdur.

Rəhbərlik etdiyi institutda Azərbaycanda becərilən müxtəlif kənd təsərrüfat bitkiləri-nin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsinə həsr olunmuş ətraf mühit üçün az təhlükəli olan inteqrir mübarizə tədbirləri sisteminin işlənib hazırlanması üzrə çoxsahəli dəyərli tədqiqat işləri aparılıb. Alimin respublikaya müxtəlif yollarla gətirilmiş zəhərli kim-yəvi maddələrin (sınaqdan keçməyən pestisidlərin) aşkarlanması və sınağa cəlb edilməsi bu baxımdan k/t məhsullarında zəhərlərin qalığının azalmasına və nitrat azotunun bostan və tərəvəz məhsullarında miqdarına nəzarət olunmasında gördüyü işlər təqdirə layiqdir.

Az.ETBMİ-tu onun rəhbərliyi altında respublikamızda bitki mühafizəsi və tətbiqi zoolo-giya sahəsində aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətverici mərkəzinə çevrilmişdir.

Akademik S.R. Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir. O, 220-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 3 pestisidlər kataloqunun müəllifidir.

Yüksək ixtisaslı kadrların hazırlanması da alimin daimi diqqət mərkəzində olmuşdur. Onun təşkilatçılığı ilə institutda 5 elmlər doktoru və 100-dən çox elmlər namizədi hazırlanmışdır. Akademik S.R. Məmmədova 2 elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri, 2 doktorantın elmi məsləhətçisi, 2 dissertantın elmi rəhbəridir.

Hökümət alimin kənd təsərrüfat elmi qarşısındakı xidmətlərini layiqincə qiymətləndirmişdir. Belə ki, 1967-ci ildə  Şərəf Nişanı,  2 dəfə (1971,1978)  Qırmızı Əmək Bayrağı , 1967-ci ildə  Əməkdə İgidliyə görə , 1982-ci ildə  Əmək veteranı  medalları, 2000-ci ildə müstəqil dövlətimizin Şöhrət və 2010-cu ildə Şərəf ordenləri  ilə təltif olunmuşdur.

Akademik S.R. Məmmədova elmi fəaliyyəti ilə yanaşı geniş ictimai işlər də aparmışdır. Belə ki, uzun müddət Ümumittifaq Kənd Təsərrüfatı Akademiyası Zaqafqaziya şöbəsinin bitki mühafizəsi üzrə seksiyasına rəhbərlik etmişdir. Bitki  mühafizəsi üzrə respublika koordinasiya şurasının sədri, keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyi yanında “Zərərverici, xəstəlik və alaq otlarından kimyəvi vasitələrlə mühafizə” üzrə dövlət komissiyasının, keçmiş ümumittifaq entomoloqlar cəmiyyətinin rəyasət heyətinin, “İntensiv bitkiçilikdə başlıca ziyankar növlərin aqrosenozda miqdarının səmərli idarə olunma qaydalarının işlənib hazırlanması” üzrə ümumittifaq tapşırığı koordinasiya şurasının, k/t-da aqrokimyəvi xidmət üzrə ümumittifaq istehsalat birliyinin nəzdindəki texniki iqtisadi şurasının bitki mühafizəsi üzrə seksiyanın üzvi olmuşdur.

Uzun müddət “Bilik” cəmiyyəti Gəncə şəhər şurasına sədrlik etmişdir. Ümumittifaq “Bilik” cəmiyyəti yaranmasının 30 illiyi və respublikamızda elmi biliklərin inkişafında xidmətlərinə görə 1977-ci ildə  ümumittfaq “Bilik” cəmiyyətinin təşəkkürnaməsi və ordeni ilə, 1980-ci ildə isə “Fəal işə görə döş nişanı” ilə təltif edilmişdir.

 Görkəmli alim və qadın, əməkdar elm xadimi S.R. Məmmədova institutdakı əmək fəaliyyəti ilə yanaşı, Gəncə şəhərinin ictimai həyatında yaxından fəal iştirak edir. 1948-ci ildən demək olar ki, bütün çağrışlar üzrə şəhər soveti deputatı seçilmişdir.

1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 109 saylı qərarı ilə Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu yaradılmışdır.

22.06.2015-ci ildə Kənd Təsərrüfatı Nazirinin 191k saylı əmri  ilə yeni yaradılan   Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru təyin olunmuş, ümumilikdə 14 may 1963-cü ildən 05 avqust 2017-ci ilədək fasiləsiz olaraq 54 il  Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

29 aprel 2016-cı ildə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

S.R.Məmmədova 05.08.2017- ci ildə  ömrünün 93-cü ilində vəfat etmişdir.

 

         

Rəhimov Zaur Ələkbər oğlu

           Z. Ə.Rəhimov 03 fevral 1931-ci ildə Azərbaycan Respublikasının Qazax şəhərində (indiki Ağstafa şəh. Köşəsgər kəndində) qulluqçu ailəsində anadan olmuşdur. O, 1994-cu illərdə Qazax Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirib, 1949-1954-ci illərdə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra entomoloq mütəxəssis kimi fəaliyyətə başlamışdır.

            Z.Ə.Rəhimov 1954-cü ildən 1990-cu ilədək müxtəlif məsul vəzifələrdə işləmişdir. Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunda şöbə müdiri, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda laboratoriya müdiri, 1974-cü ildən isə 1990-ci ilə kimi AzETPİ-nin direktoru vəzifəsində işləmişdir. Bu müddət ərzində bilik və bacarığını elmi problemlərin həllinə həsr etmiş, onun rəhbərliyi ilə onlarla yüksək məhsuldarlığa malik pambıq sortları istehsalata tətbiq olunmuşdur.

Z.Ə.Rəhimovun fəaliyyəti dövründə AzETPİ-da nail olduğu müvəffəqiyyətlərə görə İnstitutun 50 illik yubleynə “Qırmızı əmək Bayrağı” orderi ilə təltif edilmişdir.

1980-ci ildə “3038” pambıq sortunun istehsalatda geniş tətbiqi ilə əlaqədar Z.Ə.Rəhimov sortun geniş yayılmasının iştirakçılarından biri kimi Respublika Dövlət Mükafatı laureatı fəxri adına layiq görülmüşdür. O, pambıqçılığa və bitki mühafizəsinə  dair 100-ə qədər elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında bitki mühafizəsinə dair 4 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Z.Ə.Rəhimov keçmiş SSRİ-nin Dövlət Aqrar sənaye komitəsinin Elmi Texniki Şurasının üzvü, Ümumittifaq Kənd Təsərrüfatı Akademiysının ümumi əlaqələndirmə şurasında sədr müavini olmuşdur.

ZƏ.Rəhimov uzun müddət “Pambıqçılıq” və “Kənd Təsərrüfatı Elmi Xəbərləri” jurnalının redaksiya heyəti üzvü, AzETPİ-də çap olunan elmi əsərlər məcmuəsinin baş redaktoru olmuşdur.

Elmi nailiyyətlərinə və kadrların hazırlığına görə Z.Rəhimov “Qırmızı əmək bayrağı” orderi, “Əməkdə fərqlənməyə” görə, “Əmək veteranı” medalları ilə təltif olunmuş və “Əməkdar elm xadimi” kimi fəxri ada layiq görülmüşdür.

O, üç övlad tərbiyə edib boya-başa çatdırmışdır.

Z.Rəhimov 7 mart 1998-ci ildə vəfat etmişdir.

 

 

 Hüseynov Əmir Musa oğlu

                       Əmir Hüseynov 1914-cü il may ayının 25-də Zəngəzur mahalının Mehri rayonu Lök (Vartanizor) kəndində anadan olmuşdur. 1932-ci ildə İrəvan pedaqoji texnikumunu bitirmişdir, 1932-1935-ci illərdə Mehri rayonunun Nüvədi kəndində 7 illik məktəbdə müəllim və direktor vəzifələrində işləmişdir. 1935-ci ildə Azərbaycan kənd Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakultəsinə daxil olmuş və 1940-cı ilin oktyabr ayından 1941-ci ilin iyun ayınadək Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun torpaq şöbəsində baş aqronom vəzifəsində çalışmışdır.

                    1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmişdir və ağır yaralanaraq II dərəcəli əlil kimi ordudan tərxiş olunmuşdur. 1946-cı ildən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun “Pambığın seleksiyası” şöbəsində baş elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

                    1953-cü ildə “Barbadenze pambıq formalarının xüsusiyyətləri və onların seleksiyada istifadəsi” mövzusunda namizədlik dissertasiyası müdafiyə etmiş və Ali Attestasiya Komissiyasının 17 mart 1954-ci il tarixli qərarı ilə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

                   1955-1960-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Ağstafa Təcrübə Məntəqəsinə rəhbərlik edərək tezyetişən, qısa vegetasiya müddəti olan pambıq sortlarının seleksiyası ilə məşğul olmuşdur. 1960-cı ildən Gəncəyə qayıdaraq ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Seleksiya şöbəsində pambığın seleksiyası istiqamətində tədqiqatlarını müvəffəqiyyətlə və yüksək səviyyədə davam etdirmişdir. Bir sıra tezyetişən və məhsuldar pambıq sortları yaratmışdır (3038, 3312, AzETPİ-55 və s.).  Onun yaratdığı “3038” pambıq sortu 1976-cı ildən Azərbaycanda rayonlaşdırılaraq 1983-cü ildən respublikada 230 hektar sahədə əkilmişdir. Hazırda bu sort respublikamızda kəndli-fermer təsərrüfatlarında becərilir.

                    Əmir Hüseynovun elmi kadrların hazırlanmasında da müstəsna əməyi olmuşdur və onun rəhbərliyi altında 6 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır. Ə.Hüseynov Azərbaycan Genetika və Seleksiyaçılar Cəmiyyətinin İdarə Heyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun Əlaqələndirmə Şurasının üzvü olmuşdur.

                    1965-ci ildən o Qahirə universitetində pambıq bitkisinin genetika və seleksiyasından mühazirələr oxumuşdur. O, dəfələrlə Kənd Təsərrüfatı  Nailiyyətləri sərgilərinin mükafatçısı, bir sıra beynılxalq seleksiyaçılar qurultayının iştirakçısı olmuşdur. Onun 51 elmi əsəri və 3038, 3312 pambıq sortlarının aqrotexnikasına aid tövsiyələri çap olunmuşdur.

                      Elmi nailiyyətlərinə görə Ə.Hüseynov 1977-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1978-ci ildə Qırmızı əmək bayrağı ordeni ilə təltif olunmuşdur. 3038 pambıq sortunun yaradılması və Azərbaycan kənd təsərrüfatında tətbiqinə görə Hüseynov Ə.M. 1980-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdür.

                      O, 1998-ci ildə 84 yaşında Gəncə şəhərində vəfat etmişdir.

 


Orucov Əsgər Qasım oğlu

                       Orucov Əsgər Qasım oğlu 1970-ci il aprelin 22-də Tovuz rayonunun Donqarquşçu kəndində anadan olmuşdur. 1928-ci ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunun tarlaçılıq şöbəsini, 1934-cü ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini, 1938-ci ildə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aspiranturasını bitirmiş, 1938-ci ildən kənd təsərrüfatı elmləri namizədi, 1957-ci ildən elmlər doktoru, 1958-ci ildən AKTEA-nın akademiki seçilmişdir.

                     1928-ci ildə Goranboy rayonunda aqrotexnik kimi əmək fəaliyyətinə başlamış, 1929-cu ildən Ağstafa kəndli-gənclər məktəbinin direktoru olmuş, 1938-ci ildən Kənd Təsərrüfatı  İnstitutunda əkinçilik kafedrasında dosent, 1941-ci ildən Ağstafa rayonunda kolxoz sədri, Ağstafa rayon XDS İcrayyə Komitəsinin sədri, 1943-cü ildən Respublika yeyinti sənayesi nazirinin, kənd təsərrüfatı və texniki bitkilər nazirinin müavini, 1948-ci ildən Gəncədə AzETPİ-nin direktoru işləmiş, 1960-1969-cu illərdə Respublika Nazirlər Soveti sədrinin müavini, birinci müavini, 1962-1965-ci illərdə eyni zamanda Respublikanın Kənd Təsərrüfatı Naziri vəzifələrində işləmişdir. 1969-1986-cı illərdə Meliorasiya və Hidrotexnika İnstitutunda şöbə müdiri işləməklə fəaliyyətini davam etdirmişdir.

                   Aqrar sahədəki xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeninə, ÜİXTNS-nin qızıl medalına və bir sıra başqa medallara layiq görülmüş, Respublika Nazirlər Sovetində çalışdığı bütün dövrlərdə Ali Sovetin deputatı və Azərbaycan KPMK-nın tərkibinə üzv seçilmişdir. Elmi sahədə yüksək nəticələr əldə etmiş, yüzlərlə elmi məqalənin, 22 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 15 nəfər elmlər namizədi, 12 nəfər elmlər doktoru alimlik dərəcəsi adı almışdır. Bolqarıstan KTEA-nın üzvü, Çexoslavakiyanın fəxri vətəndaşı seçilmişdir.

                1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.

  

                                    

BMTB ETİ

© 2020 BMTB ETİ