Haqqımızda

             

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə  və  Texniki  Bitkilər  Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.

         Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni  sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. 

        Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında  hər il xam pambıq tədarükü mövsümünə  növlər  üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində  işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada  hazırlanır.

         BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s. zərərvericilərə qarşı Feromon tələlər və mikrobioloji preparatlar (BTB, Trixodermin) hazırlanır və bu istiqamətdə işlər  davam etdirilir.  Fitopotologiya laboratoriyasında müxtəlif bitkilərdən 9 adda fitonsidlər  hazırlanır və kənd təsərrüfatı bitkilərinin xəstəliklərinə qarşı fitonsidlərlə  tədqiqat  işi  aparılır.

          İnstitutda pambıq, taxıl, kartof, üzüm, meyvə və tərəvəz bitkilərinin zərərli orqanizmilərinə qarşı inteqrir mübarizə tədbirləri sistemi işlənib hazırlanır. Bukletlər, kitabçalar nəşr edilərək pulsuz fermerlərə paylanılır. Mütamadi olaraq maarifləndirici təlimlər, seminarlar  və  konfranslar keçirilir.

          Birgə tədqiqatların aparılması və kadr hazırlığı sahələrində “Beynəlxalq Atom Enerji Agentliyi” (Vyana Avstriya), “Türkiyə- Pamuk Araşdırma İnstitutu” (Nazilli), “Pakistan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu” və “Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutu” (İslamabad), “China Xinjiang Xishengnong İmport &Export Trade Co.Ltd”s (Çin),  Türkiyə və Yunanıstan-“BİOSAGROSYSTEMS S.A”. (Yunanıstan), “Ümumrusiya Bitkiləri Mühafizə İnstitutu” (Rusiya Federasiyası), Moldovanın  “Genetika, Fiziologiya və Bitki Mühafizə İnstitutu” ilə  əməkdaşlıq edilir.

          İnstitutda 175 nəfər əməkdaş çalışır. İnstitutda Abşeron, Xaçmaz, Mil, Muğan Təcrübə Stansiyaları, Saatlı və Ucar Dayaq Məntəqələri, Layihə  Axtarış  Kimyalaşdırma  Stansiyası  fəaliyyət  göstərir.

          İnstitutda Aqrar Elm və İnnovasiya  Mərkəzi tərəfindən təsdiq olunmuş 21 nəfərdən ibarət elmi şura fəaliyyət göstərir. BMTBETİ-də  2019-cu ildə 1 istiqamət, 2 problem, 19 mövzu və 30 elmi-tədqiqat işi yerinə yetirilmişdir. 2020-ci ildə isə institutda 1 istiqamət, 2 problem, 8 mövzu və 32 elmi-tədqiqat işi yerinə yetirilir. Elmi-tədqiqat işlərinin icrasında 84 elmi işçi, o cümlədən 18 fəlsəfə doktoru, 1 elmlər doktoru  iştirak  edir.

 

        Ünvan:  AZ  2002, Azərbaycan Respublikası, Gəncə  şəhəri, Əziz Əliyev 91

        Əlaqə telefonu: (+ 99422) 268-47- 94

BMTB ETİ

© 2020 BMTB ETİ