Pambıq etalonlarının hazırlanması və sifarişi

       

 Beynəlxalq standartların tələblərinə müvafiq “Azərbaycan Pambığı” mahlıc etalonları Respublikada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun texnologiya laboratoriyasında sifarişçi təşkilatlarla müqavilə bağlanaraq hazırlanır. Bu etalonlar pambıqçılıqla məşğul olan şirkətlərin istehsal etdikləri mahlıcın xarici görünüşünə görə sortlar və siniflər üzrə düzgün qiymətləndirilməsi üçün vacib bir vasitədir.Xarici görünüş dedikdə, burada lifin rəngi,yetişkənliyi, zibil tutumu, nəzərdə tutulur.Etalonları hazırlamaq üçün, ilk əvvəl emal müəssisələrindən, mahlıc kiplərindən sortlar üzrə nümunələr seçilib götürülür, bu zaman nümunələr lay-lay götürülməlidir. Hər sot üçün 50-60 kq nümünə götürülür (hazırlanacaq komplektlərin sayı çox olarsa, çəki arta bilər) və laboratoriyaya gətirilir, sonra onların zibillik və sort analizləri olunur. Nümunələr analiz olduqdan sonra hər müvafiq sortdan çəkisi 60±5 qr olan mahlıc yastıqları hazırlanır və 6 yuvalı qutulara yerləşdirilir. Mahlıc etalonları aşağıda göstərilən sort və siniflərdən ibarətdir:

I sort Ağ rəng-1/1; 1/2; 1/3; 1/4; 1/5,

II sort Az sarı ləkəli rəng- 2/1; 2/2; 2/3; 2/4; 2/5,

III sort Sarı ləkəli rəng - 3/2; 3/3; 3/4; 3/5

IV sort Çox sarı ləkəli rəng- 4/2; 4/3; 4/4; 4/5

V sort Qəhvəyi rəng - 5/3; 5/4; 5/5

       Etalon nümunələri həm mişarlı cində, həm də val üsulu ilə işləyən cində emal olunmuş mahlıc üçün hazırlanır. Bir sortdan hazırlanmış etalon nümunəsi 1 komplekt-21 qutu təşkil edir.

Hər bir emal üsulu üçun 1 komplekt etalon hazırlanır və səlahiyyətli nümayəndələrin iştirakı ilə qutulara nəzarət baxışı keçirilir, irad və təkliflər yerindəcə düzəldilir.

Yastıqların üzəri müvafiq sorta uyğun işlənib tam qaydaya salınır.

Yastıqlar üzərində iş tamamlandıqdan sonra hər bir qutunun şəkli ayrı-ayrılıqda çəkilir və qutunun üst qapağının iç hissəsinə yapışdırılır, şəklin altından azərbaycan və ingilis dillərində etalonu hazırlayan təşkilatın adı, rəngi və sinifi, istifadə müddəti, hazırlanma tarixi növbəliliyi yazılmış etiket yapişdırılır, təşkilatın rəhbərinin imzası və möhürlə təsdiqlənir.

Qapağın üst hissəsində Azərbaycan Respublikasının bayrağı olan, “Azərbaycan Pambığı”, emal üsulu, hazırlayan təşkilatın adı, hazırlanma ili yazılmış etiket yapışdırılır.

Qutunun qabaq hissəsinə nümunənin rəngi, emal üsulu və sinifi göstərilən etiket yapışdırılır.

Bütün bu işlər tam yerinə yetirildikdən sonra müqavilə bağlanmış təşkilatlara təhvil-təslim aktı ilə təhvil verilir.

  Müraciət üçün info@bmtbeti.az ünvanına və ya facebook səhifəmizə yaza bilərsiz.

BMTB ETİ

© 2020 BMTB ETİ