Bioloji obyektlərin hazırlanması və tətbiqi

               

                 Kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi dərmanlarla mübarizə tədbirlərinin aparılması zərəvericiləri məhv etməklə yanaşı ekoloji tarazlığın pozulmasına, xeyirli həşəratların məhv olmasına səbəb olur.

                 Bioloji mübarizənin məqsədi kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərinə qarşı bioloji obyektlərin tətbiqi əsasında ekoloji təmiz məhsul istehsalına nail olmaqdır. Bununla yanaşı ekologiyanın qorunmasına, suda, torpaqda və meyvədə zəhər qalığının minimuma endirilməsinə, istiqanlıların (canlıların) məhv olunmamasına, faydalı faunanın ( faydalı fauna-bütün canlıların düşməni olduğu kimi hər bir zərərvericinin də təbii düşmənləri, yırtıcı və tüfeyliləri mövcuddur) qorunub saxlanmasına şərait yaradır.

                   Bunu nəzərə alaraq əhalinin etibarlı ekoloji təmiz ərzaqla təmin etmək üçün kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərvericilərə qarşı bioloji mübarizə tədbirlərindən istifadə edilməsi  əsas məsələlərdən biri sayılır.

1.Feromon tələlər – ekoloji təmiz məhsul əldə etmək üçün zərərvericilərin yetkin fərdlərini məhv etmək məqsədilə istifadə edilən bioloji vasitədir. Feromon tutucular pambıq sovkasının, eləcə də feromon tutucuları istifadə olunan bütün zərərvericilərin ilk uçuş vaxtını, o cümlədən mübarizə vaxtını qabaqcadan xəbər verməsi üçün istifadə olunur. O, həmçinin zərərvericilərə qarşı mübarizə məqsədi ilə istifadə olunur və müsbət nəticə verir.

Zərərvericilərin ilk uçuş vaxtını təyin etmək üçün hektara bir və ya iki ədəd, mübarizə məqsədi üçün isə bitkinin növündən asılı olaraq hektara 9-12 ədəd feromon  asmaq tövsiyyə olunur.

2.Mikrobioloji preparatlar - zərərverici və xəstəliklərinə qarşı preparatların, mikrobantaqanistilərin tətbiqi müsbət nəticə verir. Bioloji preparatlar Bitoksibasilen, Fitoverm, Boverin, Anti-Bitpests - bu preparatlar bitkilərin zərərvericilərin məhv edilməsində əvəzsizdir. Bitkilər  və insan orqanizmi üçün zərərsizdir.

3.Tüfeyli və yırtıcı həşəratlar - biri digəri üzərində tüfeylilik etməklə çoxalan həşəratlardır. Yırtıcı həşəratlar zərərvericilərlə qidalanaraq onları məhv etməklə yaşayırlar.  Bu həşəratlar təbiətdə müxtəlif zərərvericilərin yumurta, tırtıl və sürfə mərhələlərinin bioloji məhv edilməsində böyük rol oynayırlar.

Brakon tüfeylisi - Pərdə qanadlılar dəstəsindən olan brakon pambıq sovkasının ciddi paraziti hesab olunur. Brakon tam inkişaf dövrü keçirir və dörd mərhələyə ayrılır: yumurta, sürfə, pup və kəpənək. Orta və iri yaşlı tırtıllara qarşı bioloji mübarizə məqsədi ilə istifadə edilir. Brakon tırtılları iflic etməklə yumurtalarını onun daxilinə qoyur. Bir dişi brakon tırtılın iriliyindən asılı olaraq 15-20 ədəd yumurta qoyma qabiliyyətinə malikdir.

Həşəratların mübarizədə istifadə edilməsi qaydaları -  Hər hansı zərərvericiyəyə qarşı bioloji vasitəni  tətbiq etmək üçün zərərvericinin zərərvurma həddi dəqiqləşdirilməli və metodikaya uyğun tətbiq edilməlidir.

  Müraciət üçün info@bmtbeti.az ünvanına və ya facebook səhifəmizə yaza bilərsiz.

BMTB ETİ

© 2020 BMTB ETİ